Məşum presedent: kürəkənin müşavir təyin edilməsi

Dünya ölkələrini iki əsas qrupa bölmək olar: mədəni ölkələr, qeyri-mədəni ölkələr.

Əlbəttə, mədəni səviyyənin başlıca meyarı kimi təhsili, səhiyyəni, iqtisadiyyatı, incəsənəti (kino, teatr, opera və balet, moda və s.) götürmək olar, amma bunların heç biri kafi deyil.

Müasir dünyada ölkələrin mədəni səviyyəsinin əsas göstəricisi ölkədə azad seçkilərlə formalaşan siyasi sistemin, demokratiyanın, azad mətbuatın, liberal iqtisadiyyatın olub-olmamasıdır.

100 ildə bir dəfə azad seçki keçirib legitim hakimiyyət formalaşdıra bilməyən, hüquqi dövlət qurmağı bacarmayan millət gündə bir “Oskar”lıq film çəksə, günaşırı opera və balet tamaşasının premyerasını keçirsə, olimpiadalarda 40 dəst medal qazansa belə, onun adını mədəni ölkələr dəftərinə salmayacaqlar.

Çünki prinsipcə mümkün deyil ki, hüquqi dövlət, haqq-ədalət, dürüst siyasi sistem olmayan yerdə, xalqın iradəsinin nəzərə alınmadığı ölkədə hərtərəfli inkişafa nail olmaq, mədəni səviyyəyə çatmaq mümkün olsun.

Cah-cəlal, təmtəraq, komfort içində yaşamağa, dünyanın ən modern binalarını inşa etməyə qalsa, bunu ən çox edən neftlə zəngin ərəb ölkələridir, amma hər kəs bilir ki, ərəb ölkələri dünyanın o biri üzüdür. Artıq onlardan azad seçki, demokratiya, insan haqları tələb edən də yoxdur.

Azərbaycan uzun illərdir mədəni dünya ilə ərəb dünyasının arasındakı neytral zonadadır. Neft pullarının ölkəmizə sel kimi axdığı vaxtlarda biz az qala hüdudsuz səlahiyyətləri və sərvətləri olan zəngin və despot şeyxlərin yerişini yeriyirdik.

Əslində ölkənin demokratikləşməsi ideyası məhz o vaxtlarda ciddi zərbə aldı, əvvəllər 3-5 nəfərlə parlamentdə təmsilçilik hüququ qazanan müxalifət ondan da məhrum oldu, insan haqları, mətbuat və söz azadlığı məsələsi arxa plana keçdi.

Ölkəmiz hələ də o zonadadır, nə demokratik Qərbə doğru meyllənir, nə də despotik Şərqin tamhüquqlu üzvü olur. Bizi hər ikisindən çəkindirən ciddi səbəblər var.

Mədəni Qərbə gerçək inteqrasiya hakimiyyət dövranının sonsuzluğuna, hətta uzunömürlülüyünə ziddir. Bu halda əvvəl-axır demokratik seçki keçirmək, dinc hakimiyyət dəyişikliyi mexanizmləri yaratmaq və ona riayət etmək lazım gələcək. Bu isə indiki iqtidar üçün arzuolunan perspektiv deyil.

Despotik ərəb monarxiyalarından biri olmaq da perspektiv baxımından təhlükəlidir. Onda da dövlətin dünyəviliyi zərbə altında qalır, teokratik qüvvələr istər-istəməz güclənir və mövcud quruluşu dəyişmək eşqinə düşürlər. Bu isə Avropasayağı həyat tərzi ilə yaşayan, bunun alternativi olmadığını düşünən iqtidar komandası üçün məqbul deyil.

Ona görə də Azərbaycan hazırda əhalisinin mütləq əksəriyyəti islam dininə tapınan, ancaq həyat tərzinə görə avropalılar kimi yaşayan ölkədir.

Eyni zamanda bu ölkə Avropa ailəsinin üzvü (indilikdə ögey övlad statusunda) olsa da, siyasi sistem, dövlət idarəçiliyi etibarilə tipik Şərq-müsəlman ölkəsi olaraq qalır. Burada dövlət idarəetməsi qohum-qəbilə, şəxsi sədaqət prinsiplərinə söykənir.

Təsadüfi deyil ki, ABŞ-ın yen seçilən prezidenti Donald Trampın öz kürəkəninə Ağ Evdə mühüm vəzifə (dövlət müşaviri) verməsi xəbəri ölkəmizdəki iqtidar təbliğatçıları tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.

Onlar bu təyinatda Azərbaycan iqtidarının öz kadr siyasətində önəm verdiyi amillərdən birinin təzahürünü, bəraətini görürlər. Həmin siyasətə haqq qazandırmaq üçün presedent yaranır: “Görürsünüzmü, bütün dünyada belədir. O boyda ABŞ-da, demokratiyanın beşiyi olan ölkədə qayınata kürəkəninə böyük vəzifə verdi. Demək, bu, normaldır”.

Əlbəttə, Amerika xalqının etimad göstərdiyi Trampın istənilən bu kimi addımlar atmaq, bənzər təyinatlar etmək üçün mandatı var. Ancaq orası da var ki, o, belə hərəkətlər edəcəyini, konkret olaraq kürəkəninə böyük dövlət vəzifəsi verəcəyini seçkiqabağı kampaniyada seçicilərin önündə bəyan etsə uğur qazana bilməzdi.

Bu halda seçicilərin 1-2 faizi ona etimad göstərməzdi və bu da onun seçilmək şansını məhv edərdi.

Budur, Nikaraquada dördüncü dəfə prezident seçilən Daniel Orteqa öz xanımı Rosario Murillonu ölkənin vitse-prezidenti təyin edib. Ona görə ki, Nikaraqua da siyasi sistem etibarilə mədəni ölkə deyil.

loading...